Home Contact Phone
background

Xəbərlər

  • Sabirabad rayonunda yanğın təhlükəsizliyinin ...

    Sabirabad rayonunda yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsinə dair video konfrans keçirilmişdir

    2020-06-23

    Sabirabad rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə, eləcə də meşə zolaqlarında yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsinə dair video konfrans keçirilmişdir. Video konfransda Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, daxili xidmət polkovniki Orxan Məmmədyarov çıxış etmişdir. O qeyd etmişdir ki, indi kənd təsərrüfatı işlərinin qızğın dövrüdür. Odur ki, başlıca vəzifə rayonların və digər yaşayış məntəqələrinin, təsərrüfat sahələrinin, obyektlərin, bina və qurğuların təhlükəsiz fəaliyyətini, yanğınların törənməsi və yayılması imkanlarının aradan qaldırılmasını, onların aşkar və ləğv olunmasını, insanların həyatının və sağlamlığının mühafizəsini təmin etmək, yanğınların insanlara və ətraf mühitə təsirini aradan qaldırmaq, maddi və mənəvi sərvətləri yanğında məhv olmaqdan qorumaqdır. Eyni zamanda Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə yanğın təhlükəsizliyinin təmin olunması məqsədi ilə Tədbirlər Planı hazırlanmış rayon İcra Hakimiyyətinin başçısı ilə razılaşdırılmışdır.

  • Sabirabad rayonunun imtahan mərkəzlərində prof...

    Sabirabad rayonunun imtahan mərkəzlərində proflaktik dezinfeksiya işləri görülmüşdür

    2020-06-22

    24 iyun 2020-ci il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən IX sinif şagirdləri üçün keçiriləcək buraxılış imtahanlarına hazırlıqla əlaqədar sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamaq, hava-damcı infeksiyası ilə yoluxmanın qarşısını almaq, xəstəliktörədən mikroorqanizmləri məhv etmək məqsədi ilə Sabirabad rayonunun 10 imtahan mərkəzində profilaktik dezinfeksiya tədbirləri aparılmışdır.

  • Ermənistanda ictimai-siyasi vəziyyət daha da g...

    Ermənistanda ictimai-siyasi vəziyyət daha da gərginləşir

    2020-06-19

    Koronovirus pandemiyası dövründə Ermənistanda Paşinyan hakimiyyəti vətəndaşların zəruri sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklə qarşılaşmışdır. Müxalifətdə olan Çiçəklənən Ermənistan Partiyası mitinqlər keçirərək onun istefasını tələb edir. Paşinyanın göstərişi ilə mitinq iştirakçılarının həbsləri başlanmışdır. 15 iyunda Çiçəklənən Ermənistan Partiyasının sədri Qarik Çarukyan bəyanat verərək hər şeyə hazır olduğunu, hökumətin xüsusi göstərişi ilə ona qarşı təzyiqlərin başlandığını, bununla pandemiya dövründə hökumətin bacarıqsızlığını gizlətməyə, xəstəliyə yoluxan on minlərlə insanın, yüzlərlə ölənlərin məsuliyyətini ört-basdır etməyə çalışdığını bildirib. Çarukyanın 2-3 aydan sonra ölkədə aclıq təhlükəsinin baş verə biləcəyini vurğulaması isə əhali arasında ciddi narahatçılıq doğurmuşdur. Qeyd edək ki, Ermənistan Parlamentində Çarukyanın deputat toxunulmazlığının ləğv edilməsi və onun həbsi barədə məsələ müzakirə olunaraq müsbət həll edilmişdir. N.Paşinyan hökuməti Çarukyana qarşı hüquq çərçivəsində hərəkət etdiklərini bildirsə də, bir çox siyasi partiyalar bunun siyasi məqsəd daşıdığını və onu zərərsizləşdirmək üçün inzibati mexanizmlərdən istifadə edildiyini bildirirlər. N.Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı olan repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi heç kimə sirr deyildir. Bu isə Ermənistanın terrorçu dövlət olduğunu bir daha sübut edir. Paşinyanıın yeganə məqsədi öz hakimiyyətinin müddətini uzatmaqdır.

  • Azərbaycan Könüllülərinin Əlaqələndirmə M...

    Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin başlatdığı "Bir-birimizi qoruyaq" kampaniyasına Sabirabad Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gənc Könüllüləri də qoşulub

    2020-06-18

    Bu kampaniya çərçivəsində Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən Sabirabad rayonunun müxtəlif ərazilərində vətəndaşlar arasında maarifləndirmə işləri aparılıb və onların əlləri dezinfeksiya edilib. Daha sonra rayon sakinlərinə əlcək və maska paylanıb. Eyni zamanda bankların, poçt məntəqələrinin qarşısında növbə sisteminin yaradılması və sosial məsafənin saxlanılması ilə bağlı könüllülər tərəfindən işlər görülməkdədir. Sosial kompaniya hal-hazırda da rayon ərazisində davam etdirilir. Qoruyucu ləvzimatlarla yanaşı, sakinlərə maarifləndirici flayerlər verilir ki, həmin flayerlərdə COVID-19 pandemiyasından qorunmaq üçün faydalı tövsiyyələr verilib.

  • Sabirabad rayonunda 11-ci sinif şagirdlərinin bu...

    Sabirabad rayonunda 11-ci sinif şagirdlərinin buraxılış imtahanı keçirilmişdir

    2020-06-18

    18 iyun tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən Sabirabad rayonu üzrə 6 imtahan mərkəzində 11-ci sinif şagirdlərinin buraxılış imtahanı keçirilmişdir. Buraxılış imtahanında 1308 məzun iştirak etmişdir. Şagirdlər arasında sosial məsafənin qorunmasına, tibbi maskadan və antiseptik vasitələrdən istifadə qaydalarına tam şəkildə riayət olunmuşdur. İmtahan zamanı hər hansı qayda pozuntusu qeydə alınmamışdır.

  • Azərbaycan Respublikasının Prezidenti cənab İ...

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə rəsmi “Facebook” səhifəsində paylaşım edib

    2020-06-17

    Paylaşımda “Yorulmadan, fədakarlıqla insanların sağlamlığı üçün mübarizə aparan tibb işçilərimiz ən böyük hörmətə layiqdirlər. Azərbaycan həkimlərinə eşq olsun!” sözləri yer alıb.

  • Azərbaycan Respublikasının Birinci vitse-prezid...

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva rəsmi “Instagram” səhifəsində ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü ilə bağlı paylaşım edib

    2020-06-17

    Paylaşımda deyilir: “Bu gün – 17 iyun ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunur. Səhiyyə sahəsində çalışan hər kəsi bu əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edirəm! Əminəm ki, bu gün bütün vətəndaşlarımız sizə sonsuz təşəkkür və səmimi minnətdarlığını bildirmək istərdi. Axı, koronavirus pandemiyası ilə mübarizədə əsas yük sizin üzərinizə düşüb. Biz bir daha sizin peşəkarlığınıza əmin olduq. Biz sizin fədakarlığınızın, səxavətinizin və qəhrəmanlığınızın şahidi olduq. Siz öz doğma və yaxınlarınızdan uzaqda həyatınızı riskə ataraq xəstəliyi yenməyə kömək edir, həyatları xilas edir, insanlara inam və ümid bəxş edirsiniz. Sizin gündəlik zəhmətiniz, peşə borcunuza sadiqliyiniz, pasiyentlərə xoş münasibətiniz, şəfqət və mərhəmətiniz ən yüksək qiymətə layiqdir! Sizin hər birinizə hünər, dözüm və ən əsası cansağlığı arzulayıram!”.

  • 17 iyun - Tibb işçilərinin peşə bayramı gün...

    17 iyun - Tibb işçilərinin peşə bayramı günüdür

    2020-06-17

    Gecə-gündüz bilmədən, bayram-istirahət keçirmədən, harda olmasından asılı olamayaq hər an, hər dəqiqə insanların sağlamlığının keşiyində duran, onların köməyinə tələsən həkimlər hər bir hörmət və diqqətə layiqdir. Xalqımızın koronavirus pandemiyasına qarşı apardığı mübarizədə, bu çətin günlərdə öz köməyini əsirgəməyən ağ xalatlı həkimlər bir daha sübut etdilər ki, tibb işçiləri cəmiyyətimizi, insanları qoruyan müqəddəs peşə sahibləridir. Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən hər il iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Ulu Öndərin bu sahəyə ayırdığı diqqət sahəsində Azərbaycan səhiyyəsi çox böyük inkişaf yolu keçib. Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər onu dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmiri və bərpası, regionlarda müasir tipli xəstəxanaların tikilərək istifadəyə verilməsi, tibbi sığorta sisteminin tətbiq olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün dünyanı bürümüş COVİD-19 pandemiyasına qarşı mübarizədə həkimlərin fəaliyyətini həmişə yüksək qiymətləndirmişdir. İyunun 9-da dövlət başçısı Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışı zamanı həkimlərin fədakarlığını xüsusi qeyd etmişdir: “Həkimlər öz həyatlarını risk altına atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər və çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas edirlər. Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır. Mən bir daha onlara təşəkkür edirəm”.

  • Sabirabad rayonunun imtahan mərkəzlərində prof...

    Sabirabad rayonunun imtahan mərkəzlərində proflaktik dezinfeksiya işləri görülmüşdür

    2020-06-16

    18 iyun 2020-ci il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən XI sinif şagirdləri üçün keçiriləcək buraxılış imtahanlarına hazırlıqla əlaqədar 15 iyun 2020-ci il tarixdə sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamaq, hava-damcı infeksiyası ilə yoluxmanın qarşısını almaq, xəstəliktörədən mikroorqanizmləri məhv etmək məqsədi ilə Sabirabad rayonunun 6 məktəbində profilaktik dezinfeksiya tədbirləri aparılmışdır.

  • Ümummilli lider Heydər Əliyevin hakimiyyətə q...

    Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra milli barış və inkişaf dövrü başlandı

    2020-06-15

    Hər il 15 iyun tarixi xalqımızın Milli Qurtuluş günü kimi qeyd olunur. Hamımıza bəllidir ki, bu şərəfli və şanlı tarix səhifəsini yaradan Azərbaycanın inkişafında, müstəqilliyində müstəsna rol olan ulu öndər Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyevin ağır zəhməti, gərgin səyləri, böyük qalmaqallardan keçmiş uğurlu siyasətinin nəticəsində bu günkü qüdrətli Azərbaycan dövləti formalaşmış və bütün dünyada öz mövqeyini yüksək səviyyədə qoruyub saxlamaqdadır. 1991-ci ilin oktyabrında ölkəmiz müstəqillik əldə etdikdən sonra hakimiyyətdə yaranan boşluq və siyasi xəttin düzgün seçilməməsi nəticəsində dövlətin bütün təsisatlarında uğursuzluq, özbaşnalıq höküm sürürdü. 1993-cü il 15 iyuna qədər ölkədəki kriminagen vəziyyət son həddə çatmışdı. Qiyamçı Surət Hüseynovun hərbi dəstələri döyüş bölgəsini tərk edərək hakimiyyəti ələ keçirmək üçün Bakıya doğru hərəkət edirdi. Cənubda separatçı Əlikram Hümbətov praktiki olaraq bir neçə rayonun inzibati binasını güc yolu ilə keçirib AXC hakimiyyətinə tabe olmaqdan boyun qaçırırdı. Şimalda da Azərbaycan vətəndaşı olan milli azlıqlara məxsus bəzi etnik qruplar arasında da kənar qüvvələrin təsiri ilə inamsızlıq və etimadsızlıq toxumu səpilirdi ki, bunun da separatçılığa çevrilmə ehtimalı özünü büruzə verməyə başlamışdı. Məişət səviyyəsində kriminagen vəziyyət o həddə çatmışdı ki, paytaxt Bakı küçələrində heç kimə tabe olmayan əli silahlı qruplar və fərdlər istədikləri adamı cəzalandıra bilirdilər. Gənc nəsil bunu bilməsə də, o zamankı vəziyyəti gündəlik həyatında hiss edən hər bir şəxs təsdiqləyə bilər ki, hər hansı adi vətəndaşın evdən çıxaraq sağ-salamat qayıtmasına əminlik yox idi. Azərbaycan sadəcə daxili yox, xarici siyasət və təhlükəsizlik problemləri ilə qarşılaşmışdı. Ermənistan silahlı qüvvələrinin yeni-yeni Azərbaycan ərazilərini ələ keçirməsinə baxmayaraq, ABŞ Konqresi Dağlıq Qarabağ münaqişəsini əsas gətirərək Azadlığın Dəstəklənməsi Aktına 907-ci düzəlişi edərək Azərbaycana Amerikanın birbaşa yardımını qadağan etmişdir. Maraqlıdır ki, 907-ci düzəlişdə məhz Azərbaycan işğalçı tərəf kimi göstərilirdi. AXC rəhbərliyinin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq qonşu ölkələrlə münasibətlər gərginləşmişdi. Gürcüstanda Zviad Qamsaxurdiya faktiki olaraq azərbaycanlıların etnik təmizləmə siyasətini yürüdürdü ki, Ermənistan və Dağlıq Qarabağdan olan qaçqınlara əlavə olaraq ölkəmizə Gürcüstandan azərbaycanlıların böyük axını başlamışdı. Cənubi Azərbaycan məsələsi ilə bağlı AXC-nin rəhbərliyinin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq İran ilə münasibətlər son dərəcə gərginləşmiş və İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Ermənistanın xeyrinə dəyişmişdi. Bütün bunlara əlavə olaraq erməni lobbisinin mütəşəkkil fəaliyyəti nəticəsində Azərbaycan informasiya müharibəsində də təcrid olunmuş vəziyyətdə qalmışdı. Moskvada istefa verdikdən sonra Naxçıvan Ali Məclisində fəaliyyətə başlayan Ulu öndər Heydər Əliyev o illərdə dağılmış SSRİ İttifaqının bir parçası olan Azərbaycanda yaranmış acınacaqlı ictimai-siyasi vəziyyəti obyektiv analiz edərək, cəmiyyətin ciddi problemlərini dərindən düşünərək konkret işlər görmək və ciddi siyasi addımlar atmaq üçün dəfələrlə mövqeyini bəyan etmişdir. Ulu öndər Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışdığı zamanlarda nəyinki Naxçıvanı, bütövlükdə Azərbaycanı xilas edəcək yeganə şəxsiyyət kimi xalqın ümid yeri idi. Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra milli barış və inkişaf dövrü başlanıldı.

  • Milli Qurtuluş Günü – xalqımızın nicat gü...

    Milli Qurtuluş Günü – xalqımızın nicat günü

    2020-06-13

    Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olmuşdur. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev ümummilli liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Artıq neçə ildir ki, Azərbaycan Respublikasının milli qurtuluş yolu davam edir. Bu yol Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır. Heydər Əliyevin özü vaxtilə müdrikcəsinə demişdir: "Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz". Bu inam, bu qətiyyət Milli Qurtuluş gününün mənası və verdiyi ibrət dərsləridir. Bu onu göstərir ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideya və əməlləri yaşayacaq, bizi daim doğru yolla irəliyə aparacaqdır.

  • Sabirabadda qanvermə aksiyası keçirilmişdir

    Sabirabadda qanvermə aksiyası keçirilmişdir

    2020-06-12

    Sabirabad rayonunda qanvermə aksiyası keçirilmişdir. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankının əməkdaşlarının iştirakı ilə talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsi məqsədilə Sabirabad şəhəri Gənclər Mərkəzində keçirilmiş aksiyada rayon sakinləri fəal iştirak etmiş, 212 nəfər qan vermişdir.

  • Azərbaycan koronavirus pandemiyasına qarşı sad...

    Azərbaycan koronavirus pandemiyasına qarşı sadəcə regionda öndə gələn dövlət deyil, eyni zamanda inkişaf etmiş bir sıra dövlətlərdən daha hazırlıqlıdır

    2020-06-11

    İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci Vitse Prezident Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışında iştirak ediblər. Bunlar paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana kompleksləridir. Modul tipli xəstəxanaların quraşdırılması ilə ölkənin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranacaqdır. Koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün hər cür şəraitin yaradıldığı, ümumilikdə 100 palata və 200 çarpayı yeri olan üç korpuslu bu xəstəxana kompleksi mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunmuşdur. Ölkəmizdə bu mühüm layihələrin reallaşdırılması koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi əlaqələndirməni təmin etmək məqsədi daşıyır. Qeyd edək ki, ilk belə xəstəxana cari il mayın 7-də paytaxtda istifadəyə verilib. Daha altı kompleksin isə bölgələrdə inşa edilərək istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Bütün bunlar pandemiya ilə mübarizə çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin birbaşa həyata keçirdiyi qətiyyətli, siyasətin məntiqi nəticəsi, dövlətimizin başçısının tapşırığı ilə hazırlanan dəstək paketlərinin yüksək səviyyədə icra olunmasının bariz ifadəsi, həmçinin Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirdiyi kimi, koronavirusla ən uğurlu mübarizə aparan ölkələr sırasında xüsusi yer almasının təsdiqidir. Xəstəxana kompleksinin açılışı zamanı möhtərəm cənab Prezidentimiz deyib: “Sevindirici hal ondan ibarətdir ki, bu 10 xəstəxananın 4-nü özəl sektor öz vəsaiti hesabına inşa edəcək. Beləliklə, dövlətin üzərində yük bir qədər azalır. Özəl sektorun nümayəndələrinə və eyni zamanda, adi vətəndaşlara koronavirus dövründə göstərdikləri maliyyə dəstəyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bildiyiniz kimi, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıbdır və ilkin olaraq Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrılmışdır. Ancaq bu gün sahibkarlar və adi vətəndaşlar hesabına fonda yığılmış məbləğ 100 milyon manatı ötüb. Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir. Ona görə mən özəl sektorun bu işlərdə fəal rolunu dəstəkləyirəm. Eyni zamanda, ictimai təşkilatlar, ilk növbədə, Heydər Əliyev Fondu və digər ictimai təşkilatlar, sahibkarlar bu dövrdə maddi vəziyyəti aşağı olan insanlara humanitar yardım da göstərmişlər və bu proses davam edir. Amma hər kəs bilir ki, bu mübarizədə, əlbəttə ki, əsas yük Azərbaycan dövlətinin üzərinə düşür. Azərbaycan dövləti əlindən gələni edir ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək”. Dövlətimizin başçısı çıxışında görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığının dayandığını və qabaqlayıcı tədbirlər sayəsində hazırda vəziyyətə tam nəzarət edildiyini vurğulayıb. Ölkə rəhbəri son 10 gün ərzində yoluxanların sayının artmasından narahatlığını da diqqətə çatdıraraq, belə bir vəziyyətin yumşalma dövründə bəzi vətəndaşların məsuliyyətsizliyi üzündən yarandığını xatırladıb. Eyni zamanda, mövcud şəraitin diqqət mərkəzində saxlanıldığını, xəstəxanaların reanimasiya şöbələrində kifayət qədər yer olduğunu qeyd edib.

  • AŞPA ikili standartların ən geniş vüsət ald...

    AŞPA ikili standartların ən geniş vüsət aldığı regional platformadır

    2020-06-09

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı geniş məzmunlu və əhatəli çıxışında bir daha Avropa Şurasının ölkəmizə qarşı sərgilədiyi ədalətsiz mövqeyə diqqət yetirmiş, səsləndirdiyi fikirlərlə bu qurumun əsl mahiyyətini ortaya qoymuşdur. Prezident cənab İlham Əliyev çıxışında Dağlıq Qarabağ məsələsi ilə bağlı Avropa Şurasının ikili mövqe nümayiş etdirdiyinə belə münasibət bildirmişdir: “Qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkiləri bir şou və təlxəklər tamaşasıdır. Dünyanın heç bir dövləti illərdir keçirilən “məzhəkə oyununun”nəticələrini tanımayıb. Hətta Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk qrupu həmsədrləri-Amerika, Fransa, Rusiya qondarma xunta rejimində keçirilən seçkiləri və nəticələrini tanımadıqlarını bildiriblər. Avropa İttifaqı da eynilə seçkiləri tanımadığını bəyan edib. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar-bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı. Məsələyə təkcə Avropa Şurası münasibət bildirmədi və yuxarıda adları keçən dövlətlərin və beynəlxalq təşkilatların sırasına qoşulmadı”. Ölkə rəhbəri çıxışında bildirib ki, əslində Avropa Şurasının susmağının səbəbi bəllidir: “Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən, demokratiyadan və beynəlxalq hüquqdan söhbət gedə bilər! Avropa Şurası qitədə yüz illərdir formalaşan bəşəri və insani dəyərləri diqqətə almadan xunta rejiminin, işğalçının, Xocalıda Azərbaycanın mülki əhalisinə qarşı soyqırım edən, narkotik və silah qaçaqmalçılığı mərkəzi olan qondarma qurumun demokratik dəyərləri kobud şəkildə pozmasına səssiz qaldı”.

  • Koronavirus pandemiyasına qarşı mübarizə hər...

    Koronavirus pandemiyasına qarşı mübarizə hər bir vətəndaşın gündəlik həyat tərzinə çevrilməlidir

    2020-06-05

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə müvafiq dövlət qurumları tərəfindən koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə sahəsində bütün zəruri tədbirlər davam etdirilir. Bunun nəticəsidir ki, keçən dövr ərzində ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını bu təhlükədən maksimum qorumaq mümkün olmuşdur. Lakin karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırıldıqdan sonra bir çox vətəndaşların məsuliyyətsizliyinə, karantin rejiminə əməl etməməsinə görə yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlamış, gündən günə yoluxma və ölüm hallarının artması isə əlavə tədbirlər görülməsi zərurətini yaratmışdır. Buna görə ölkə ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” 2020-ci il 29 may tarixli 189 nömrəli Qərar qəbul etmişdir.

  • Sabirabad rayon İcra Hakimiyyətinin başçısı ...

    Sabirabad rayon İcra Hakimiyyətinin başçısı yerlərdə görüşlər keçirmişdir

    2020-06-03

    Sabirabad rayon İcra Hakimiyyətində koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin artırılması, kənd təsərrüfatı işlərinin gedişi, ərazidə narahatçılıq doğuran məsələlərin yerindəcə həlli məqsədilə geniş tədbirlər planı hazırlanıb həyata keçirilir. Bu məqsədlə İcra Hakimiyyətinin məsul işçiləri mütamadi olaraq yerlərdə olurlar. Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov son bir neçə gün ərzində rayonun Sarxanbəyli, Əliləmbəyli, Azadkənd və Güdəcühür kəndlərində olmuş, taxıl biçininə hazırlığın və pambıq əkinlərinin vəziyyəti ilə tanış olmuş, baramaçılarla görüşmüşdür. Vətandaş müracətləri əsasında əkin sahələrinin suvarması ilə bağlı bir sıra məsələləri yerindəcə həll etmişdir. İcra başçısı Azadkənd kəndində torpaqların səmərəliliyinin artırılması və Sarxanbəyli kəndində örüş sahələrindən təyinatı üzrə istifadə edilməsilə bağlı bir qrup sakini qəbul etmişdir. Vətandaşları narahat edən məsələlərin həlli ilə bağlı lazımı tapşırıqlar vermiş və icrasını nəzarətə götürmüşdür. Rayon İcra Hakimiyyətinin başçısı Nazirlər Kabineti yanında Operativ Qərargahın metodiki göstərişlərinin yerinə yetirilməsi istiqamətində proflaktiki işlərin gücləndirilməsi ilə bağlı da geniş söhbət aparmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızda kənd təsərrüfatının və sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması istiqamətində verdiyi tapşırıq və tövsiyyələri bir daha diqqətə çatdırmışdır. İcra başçısı məşğulluğun artırılması üçün bütün səylərin səfərbər olunması, ictimai işlərə cəlb olunanlara nəzarət və diqqətin gücləndirilməsinin, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasının vacibliyini də xüsusi vurğulamışdır.

  • 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi gün...

    1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günüdür

    2020-06-01

    1950-ci ildə BMT Baş Assambleyasının Qərarı ilə hər il 1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi günü” kimi qeyd olunmağa başlamış və bu gün də ümumxalq bayramı kimi qeyd olunur. Azərbaycanda uşaq siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar xalqımızın övladlarının taleyində əhəmiyyətli rol oynayır. Son illər ərzində sürətli iqtisadi inkişaf yolu ilə irəliləyən Azərbaycanda yeni təhsil müəssisələri, uşaq bağçaları, idman-sağlamlıq kompleksləri istifadəyə verilib. Bütün bunlar uşaqlara dövlət qayğısının gücləndirilməsinə, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılmasına və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsinə xidmət edir. Qeyd edirik ki, dövlət başçısının Sərəncami ilə 2009-cu il Azərbaycanda "Uşaq ili" elan olunmuşdur. Ölkəmizdə uşaqlara qayğı Azərbaycan dövlətinin siyasətinin prioritet istiqamətlərindəndir. Yeni nəslin sağlam böyüməsi dövlətin və cəmiyyətin mühüm vəzifəsi kimi daim diqqətdə saxlanılır, onlara xüsusi məhəbbət, diqqət və qayğı vardır. Uşaqların cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövləti hər cür şərait yaratmışdır. Sabirabad rayonunda da uşaqların fiziki, psixi və mənəvi sağlamlığının qorunmasına, bədən tərbiyəsi və idmana cəlb olunmasına xüsusi diqqət yetirilir.

  • 28 May – Respublika günü

    28 May – Respublika günü

    2020-05-28

    1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın tarixinə şanlı hadisə kimi daxil olmuşdur. Cəmi 23 ay ərzində mövcud olan və müsəlman şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarını yarada bilmişdir. Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq və sair sahələrdə görülən işlərlə Azəbaycan xalqının tarixində parlaq səhifə yazmışdır. Cümhuriyyət bütün müsəlman şərqində demokratik prinsipləri və dəyərləri, azadlıq və demokratiya ideallarını özündə cəmləşdirən ilk parlamentli Respublika idi. Bu əlamətdar hadisə Azərbaycan xalqının tarixi arzusunu həqiqətə çevirmişdir. May ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsində müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan olunmuş, Azərbaycanın ərazisinin hüdudları müəyyənləşdirilmiş, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdır. 23 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır. Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanlarının qurulması, mədəniyyətin inkişafına xüsusi diqqət yetirilməsi, təhsilin milliləşdirilməsi və s. Azərbaycan Xalq Cümhuriyyətinin mühüm xidmətlərindəndir. Təəssüf ki, o zaman biz müstəqilliyimizi itirdik. Bu bir daha sübut etdi ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən çətindir. 1918-ci il noyabrın 9-da qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik üçrəngli Dövlət bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilmişdir.

  • Dövlət tərəfindən sahibkarlara hərtərəfli ...

    Dövlət tərəfindən sahibkarlara hərtərəfli dəstək göstərilir

    2020-05-21

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadi qüdrətinin gücləndirilməsi istiqamətində çoxşaxəli islahatlar həyata keçirilmiş, o cümlədən regionların sosial-iqtisadi inkişafının təmin edilməsi, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, aqrar sektora dövlət qayğısının artırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi diqqət mərkəzində saxlanılmışdır. 2020-ci ilin I rübündə Sabirabad rayonunun yerli büdcəsinin gəlir hissəsinə 1 milyon 340 min manat proqnoza qarşı 1 milyon 606 min manat və ya 119,8 % əməl edilmişdir. Ölkə iqtisadiyyatının dinamik inkişafının təmin olunması nəticəsində sahibkarlıq fəaliyyəti sahəsində hələ də mövcud olan «kölgə» iqtisadiyyatı əhəmiyyətli dərəcədə zəifləmişdir. «Kölgə» iqtisadiyyatı yalnız vergilərdən yayınmaya şərait yaratmır, həm də haqsız rəqabətin yaranmasına və genişlənməsinə, leqal biznesin sıxışdırılmasına, dövlətin maliyyə dayaqlarının zəifləməsinə səbəb olmaqla dövlətin iqtisadi sabitliyinə təhlükə yaradır. Koronavirus pandemiyası ilə mübarizə aparılan indiki ağır dövrdə sahibkarlıq subyektləri də maliyyə cəhətdən itkilərə məruz qalmışlar. Lakin dövlət onlara vaxtında və lazımi köməkliyi göstərir. Hətta dünyanın ən inkişaf etmiş ölkələrində iri şirkətlər öz bizneslərini qorumaq, xərclərini minimuma endirmək üçün kütləvi şəkildə işçiləri ixtisar edirlər. Azərbaycanda isə dövlət başçısı cənab İlham Əliyevin tapşırığı ilə vətəndaşların sosial müdafiəsinin təmin olunması, o cümlədən iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılması ilə bağlı mühüm tədbirlər həyata keçirilmişdir.

  • Xüsusi karantin rejimi dövründə könüllülər...

    Xüsusi karantin rejimi dövründə könüllülərin fəaliyyəti daha da genişlənmişdir

    2020-05-19

    2009-cu ildə «Könüllü fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq könüllülük bir çox fəaliyyət sahələrinə daxil olaraq ümummilli hərəkata çevrilmişdir. 2013-cü ildə isə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında ASAN Könüllüləri təşkilatı yaradılmış, 2014-cü il dekabrın 16-da Sabirabad rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə ASAN Könüllülərinin I Ümumrespublika Forumu keçirilmişdir. Gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin inkişafı üçün səmərəli istifadə etmək, peşələrin incəliklərini öyrənmək və özünü tanımağa imkan yaratmaq könüllülük fəaliyyətinin əsas prinsipləri kimi qəbul edilmişdir. İnsanları vahid bir niyyət, sağlam düşüncə, ehtiyacı olana təmənnasız kömək ətrafında birləşdirən könüllülük hərəkatı bu gün 20-yə yaxın könüllü təşkilatlarını, ictimai birlikləri Azərbaycan Könüllüləri Əlaqələndirmə Mərkəzində birləşmişdir. Mərkəzin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə «Könüllülər ili» elan edilməsi könüllülük hərəkatının inkişafına böyük təkan vermiş, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlərin gənclər arasında yayılmasına mühüm töhvə vermişdir.

  • Sabirabad rayon İcra Hakimiyyətində növbəti o...

    Sabirabad rayon İcra Hakimiyyətində növbəti onlayn-müşavirə keçirilib

    2020-05-19

    Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin səmərəliliyinin artırılması və kənd təsərrüfatı işlərinin gedişi ilə əlaqədar Sabirabad rayon İcra Hakimiyyətində növbəti onlayn-müşavirə keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun rəhbərliyi ilə keçirilən müşavirəyə rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun səhiyyə, təhsil və mədəniyyət müəssisələrinin, xidmət təşkilatlarının rəhbərləri, məşğulluq mərkəzinin direktoru, suvarma idarələrinin rəisləri, şəhər və kənd ərazi icra nümayəndələri, ümumilikdə 50 məsul vəzifəli şəxs qoşulub. Onlayn-müşavirədə çıxış edən Sabirabad rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, ölkəmizin bu çətin sınaqdan tezliklə çıxması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə müvafiq dövlət qurumları tərəfindən qətiyyətli addımlar atılır. Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü, Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də videokonfrans vasitəsilə Zirvə görüşü ilə cənab Prezidentimiz nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi. İcra başçısı bu gün də ölkədə pandemiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə zəruri qabaqlayıcı tədbirlərin görüldüyünü, karantin qaydalarının yumşaldılmasına baxmayaraq rayonda da profilaktik və təxirəsalınmaz tədbirlərin davam etdirilməsinin vacibliyini qeyd edib.

  • Vətəndaş müaciətləri diqqətlə araşdırıl...

    Vətəndaş müaciətləri diqqətlə araşdırılır

    2020-05-19

    18 may 2020-ci il tarixdə “Xəzər” TV-da Sabirabad rayonu Əliləmbəyli kəndinin bir qrup sakini örüş təyinatlı torpaq sahəsində bostan məhsulu əkildiyini, mal-qaralarını otarmaq üçün örüş yeri olmadığını bildirərək bu sahədə kəndin ərazi icra nümayəndəliyinə və yerli Bələdiyyəyə müraciət etdiklərini, lakin qane edici cavab ala bilmədiklərini əks etdirən xəbər yer alıb. Məlumat üçün bildiririk ki, həmin xəbərə dərhal reksiya verilmiş və ərazidə rayon İcra Hakimiyyətinin, Əmlak Məsələləri Dövlət Komitəsinin Şirvan ərazi idarəsinin məsul əməkdaşları iddiaçı vətəndaşların iştirakı ilə ilkin araşdırmalar aparılmışdır. Öyrənilmişdir ki, Əliləmbəyli bələdiyyəsinin mülkiyyətində 463 hektar örüş yeri var, bundan 232 hektarı icarə qaydasında ayrı-ayrı vətəndaşlara verilib. Narazılıq doğuran torpaq sahəsinə baxış keçirilərkən sözügedən örüş yerinin 10 hektarında bostan, 29 hektarında pambıq, 8 hektarında yonca və 25 hektarında arpa əkini aparıldığı müəyyən edilmişdir. Söhbət əsnasında iddiaçılarla razılıq əldə olunmuşdur ki, kəndə yaxın olan sözügedən bostan və pambıq əkini sahələrindən məhsul yığımı başa çatdırıldıqdan sonra ümumi istifadəyə veriləcəkdir.

  • Azərbaycan Respublikasının Prezidenti cənab İ...

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans vasitəsi ilə keçirilmiş Zirvə görüşü

    2020-05-12

    Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə Zirvə görüşü keçirilmişdir. Qeyd edək ki, Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına tam hüquqlu üzv qəbul olunmuşdur. BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatının 2016-cı ildə Venesuelada keçirilmiş zirvə görüşündə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. Azərbaycan Prezidentinin Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsü üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənmiş və Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunmuşlar. Zirvə görüşündə Əfqanıstan, Əlcəzair, Misir, İndoneziya, İran, Kuba, Nigeriya, Pakistan, Cənubi Afrika Respublikası, Fələstin, Türkmənistan, Venesuela, Nikaraqua, Efiopiya, Hindistan, Malayziya, Vyetnam, Qana, Küveyt, Mərakeş, Səudiyyə Ərəbistanı və digər ölkələrin prezidentləri, baş nazirləri və xarici işlər nazirləri çıxış etmişlər. Habelə, BMT-nin Baş Assambleyasının Prezidenti və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru videokonfransda çıxış etmişlər. Eləcə də, BMT-nin Baş katibi və Avropa Komissiyasının ali nümayəndəsi/vitse-prezidentinin videomüraciətləri səsləndirilmişdir.

  • Korrupsiya, rüşvətxorluq, dövlət əmlakını ...

    Korrupsiya, rüşvətxorluq, dövlət əmlakını talama halları dövlətçiliyə və xalqa xəyanətdir

    2020-05-12

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslərin dövlət tərəfindən ciddi cəzalandırılması davam edir. Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq sayıqlığı nəticəsində aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talama səbəblərindən həbs olunmuş Ağstafa, Yevlax, Neftçala, Biləsuvar Rayon İcra Hakimiyyətlərinin keçmiş başçılarının düşdüyü vəziyyətdən nəticə çıxarmayan növbəti şəxs İmişli rayon İcra Hakimiyyətinin başçısıdır. Bu hallar dövlətçiliyə və xalqa xəyanət kimi qiymətləndirilir. Yuxarıda qeyd olunan məmurlar dünyanı bürüyən COVİD-19 pandemiyasından minimum itkilərlə çıxmasına zəmin yaradan ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasətinə qarşı mənəviyyata sığmayan hərəkətlər etmişdirlər. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə müvafiq tapşırıqların verilməsinə baxmayaraq belə halların baş verməsi dövlətin mənafeyinə ciddi zərbə vurur. Sabirabad rayonunda koronavirus infeksiyasının respublika ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulmasına yol verilmiş vəzifəli şəxslərə qarşı təsirli tədbirlər görülmüşdür. Araşdırmalarla əsaslı şübhələr müəyyən olunduğuna görə Sabirabad rayon İcra Hakimiyyəti başçısının Ulacalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mehman Cəfərov və Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İqbal Əliyev rayon İcra Hakimiyyəti başçısının əmri ilə tutduqları vəzifədən azad olunmuş, barələrində toplanmış materiallar araşdırılması üçün rayon Prokurorluğuna göndərilmişdir.

  • Cəmiyyətin əsaslarını sarsıdan, çirkin əm...

    Cəmiyyətin əsaslarını sarsıdan, çirkin əməllərə yol verən vəzifəli şəxslər mütləq cəzalandırılacaqlar

    2020-05-12

    Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2018-ci ildə başlanılmış və dövlət idarəçəliyinin bütün istiqamətlərini əhatə edən hüquqi və kadr islahatları 2019-cu ilin sonlarına doğru daha geniş vüsət almış və 2020-ci ildə də intensiv şəkildə davam etdirilməkdədir. Kadr islahatları nəticəsində işi təkmilləşdirilməklə peşəkarlıq səviyyəsi daha da yüksəldilmiş, Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi təmin olunmuşdur. Dövlət başçısı Azərbaycan Respublikasının Baş prokurorunu vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipal mövqeyini bir daha diqqətə çatdırmışdır. Sabirabad rayonunda da bu istiqamətdə işlər aparılır. İcra Hakimiyyətində, ərazi icra nümayəndəliklərində sağlam mühitin yaradılması daim diqqət mərkəzindədir. Qarşıya qoyulan vəzifələrin doğru-düzgün yerinə yetirilməsi üçün idarə, müəssisə və təşkilatlarda ictimai nəzarət gücləndirilmişdir. Cənab Prezident tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakimiyyəti orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini açıq bildirmişdir. Bu ilin 8 may tarixində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat ölkə Prezidentinin sözügedən bəyanatının özünü çox gözlətməyən nəticəsi olmuşdur. Belə ki, qeyd olunan Nazirliyin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavini Rafiq Bayramov və Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı təqsirləndirilərək barələrində həbs qətimkan tədbiri seçilmişdir.

əvvəlki [2] növbəti