Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda təsərrüfat işlərinin gedişinə, xüsusən də pambıqçılığa həsr olunmuş tədbir keçirilmişdir

19 iyun 2018 | 16:00

İyunun 19-da rayon İcra Hakimyyətinin iclas zalında təsərrüfat işlərinin gedişinə, xüsusən də pambıqçılığa həsr olunmuş tədbir keçirilmişdir. Toplantıda RİHB aparatının məsul işçiləri, kənd ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd təsərrüfatı ilə əlaqəli olan idarələrin, şirkətlərin təmsilçiləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq qeyd etmişdir ki, son vaxtlar ölkəmizdə pambıqçılığın inkişafına diqqət xeyli artmışdır. Ölkə Prezidentinin göstərişinə əsasən aqrar sahənin inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Bu istiqamətdə işlər uğurla davam etdirilir.

Rayonumuzda da pambıqçılığın inkişaf etdirilməsi üçün bütün qüvvələr səfərbərliyə alınmalıdır.

Rayon rəhbəri həmçinin bildirmişdir ki, son vaxtlar Saatlı, Tərtər, İmişli rayonlarının pambıq sahələrində baş vermiş kütləvi zəhərlənmə halları bizi də narahat edir. Rayonumuzun bir neçə sakini Saatlı rayonunun ərazisindəki pambıq sahələrində işləyən zaman zəhərlənmə halı ilə qarşılaşmışdır. Kütləvi zəhərlənmə hadisəsi ilə əlaqədar ölkəmizin Baş Prokurorluğu tərəfindən cinayət işi qaldırılaraq araşdırma aparılır. Bu məsələ ölkə Prezidentinin nəzarətindədir.

Alaq otlarına, ziyanvericilərə qarşı mübarizə zamanı dərman preparatlarından təlimata uyğun istifadə edilməli, normativ qaydalara ciddi əməl olunmalıdır. Şirkət rəhbərləri, torpaq mülkiyyətçiləri arasında maarifləndirmə işləri genişləndirilməlidir. Dərman səpilən yerlər nəzarətə götürülməli, əhalinin təhlükəsizliyi təmin olunmalıdır.

Rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Ramazan Aydınov çıxış edərək dərman preparatlarından istifadə qaydaları haqqında məlumat vermişdir.

Toplantıya yekun vuran rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov cari vəzifələri bir daha diqqətə çatdırmış, nöqsanların aradan qaldırılması üçün aidiyyatı qurumların rəhbərlərinə ciddi tapşırıqlar vermişdir.

Keçidlər