Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin əziz xatirəsi rayonumuzda böyük ehtiramla anılmışdır

12 dekabr 2018 | 16:00

Rayonumuzda ulu öndər Heydər Əliyevin xatirəsi dekabrın 12-də dərin ehtiramla yad edilmişdir. Sübh tezdən meydanda ucalan hüznlü musiqi sədaları altında rayon ictimaiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri ulu öndər Heydər Əliyevin abidəsi önünə gələrək ona öz dərin ehtiramlarını bildirmişlər. Rayon İcra Hakimiyyətinin başçısı  Nazim İsmayılov başda olmaqla sabirabadlılar xalqımızın Ümummilli liderinə sonsuz məhəbbət və ehtiramlarını nümayiş etdirmişlər.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov mərasimdə geniş nitq söyləmişdir. O bildirmişdir ki, 12 dekabr 2003-cü il yaddaşımızda ən kədərli günlərdən biri kimi qalmışdır. Həmin gün xalqımızın Ümummilli lideri, dünya miqyaslı ictimai-siyasi xadim, böyük mütəfəkkir, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əlirza oğlu Əliyev vəfat etmişdir.

Nazim İsmayılov Ümummilli lider Heydər Əliyein həyat və fəaliyyəti haqqında xronoloji ardıcıllıqla və tutarlı faktlarla çıxış etmişdir. Qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev bütün həyatını Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə sərf etmişdir. Heydər Əliyev müstəqil Azərbaycan dövlətini həm qurmuş, həm də onun inkişafı üçün mükəmməl strateji perspektivlər müəyyən etmişdir. Ulu öndər siyasət nəhəngi, Azərbaycanı dünyaya tanıdan, torpağı sahibinə verən, sahibkarlığa meydan açan, tariximizi, dinimizi bizə qaytaran rəhbər olmuşdur. Ulu öndər respublikaya rəhbərlik etdiyi ildən, yəni 1969-cu ildən başlayaraq Azərbaycanda, o cümlədən Sabirabadda quruculuq işləri geniş vüsət almışdır. Onun ən böyük xarakterik cəhəti qurucu və yenilikçi olması idi. Azərbaycanda elə bir sahə yoxdur ki, orada ulu öndərin izi olmasın. Ulu öndər Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, böyük müdriklik və uzaqgörənliyi ilə Azərbaycanı dünya dövlətləri sırasında tanıdaraq layiqli yerə çıxarmışdır.

1988-1993-cü illərdə Azərbaycan ağır, fəlakətli dövr yaşayırdı. Bir-birinin ardınca dəyişən səriştəsiz hakimiyyət ölkəni məhvə, xalqı faciəyə sürükləyirdi. Azərbaycan 1993-cü ildə olduqca çətin dövrünü yaşayırdı. Ölkə dağılırdı. Tam hakimiyyətsizlik hökm sürürdü. Anarxiya və özbaşınalıqlardan istifadə edən erməni silahlı qüvvələri təcavüzkar planlarını gündən-günə genişləndirir, torpaqlarımız işğal olunurdu. Bir milyondan artıq soydaşımız qaçqın və köçkün düşmüşdü. Ölkəmiz parçalanmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkədə vəziyyətin həddən artıq ağır olduğunu nəzərə alan xalqımızın Ümummilli lideri Heydər Əliyev xalqın istəyi ilə Naxçıvandan Bakıya döndü. Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması Azərbaycan tarixində yeni səhifə açdı. Ölkəmiz çox ağır fəlakətdən xilas edildi. Vətəndaş qarşıdurmasına son qoyuldu. Cəbhədə atəşkəsə nail olundu. Azərbaycanın müstəqilliyinin qorunub möhkəmləndirilməsi yolunda qətiyyətli addımlar atıldı. Baş verə biləcək dövlət çevrilişlərinin qarşısı alındı. İslahatlar özünə geniş yol açdı. Ulu öndər Heydər Əliyev Azərbaycanı bütün dünyaya tanıtdı. Hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolunda yeridilən siyasət uğurlu nəticələr verdi. Ulu öndər ölkəmizi  ən çətin sınaqlardan məharətlə çıxardı və inkişaf etdirdi.

Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycanın müstəqillik yolunda qazandığı uğurlardan, respublikamızın beynəlxalq aləmdə yüksək nüfuz qazanmasından danışarapq qeyd etmişdir ki, Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin arzuları və ideyaları artıq reallaşmışdır. Onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev ulu öndərin müəyyənləşdirdiyi tərəqqi və inkişaf yolunu böyük uğurla davam etdirir.

Nə qədər ki, Azərbaycan dövləti, Azərbaycan xalqı var, ulu öndər Heydər Əliyev həmişə yaşayacaqdır. İllər ötüb keçəcək, əsrlər adlayacaq, xalqımızın yaddaşından ulu öndər heç vaxt çıxmayacaqdır. Hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş Heydər Əliyevin ömrü yaddaşlara hopmuşdur.

Sonra Nazim İsmayılov ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoymuşdur. Meydana toplaşanlar da ardıcıl olaraq abidəni ziyarət edərək önünə gül dəstələri düzmüşlər.

Keçidlər