Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda «Narkomaniyaya yox deyək!» şüarı altında maarifləndirmə tədbiri keçirilmişdir

15 may 2019 | 16:00

Sabirabad şəhəri Heydər Əliyev Mərkəzində «Narkomaniyaya yox deyək!» şüarı altında maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə hüquq-mühafizə orqanlarının, təhsil müəssisələrinin rəhbərləri, orta məktəblərin yuxarı sinif şagirdləri iştirak etmişlər.

«Narkomaniya bəşəriyyətin bəlasıdır» adlı videoçarx nümayiş etdirilmişdir. Sonra rayon Polis şöbəsinin rəisi, polis polkovniki Namiq Camalov, həmin qurumun İctimai Təhlükəsizlik bölməsinin rəisi, polis mayoru Niyaməddin Əlihəsənov mövzu ilə bağlı çıxış etmişlər. Natiqlər vurğulamışlar ki, narkomaniyanın cəmiyyətə və insanlığa vurduğu zərər ölçüyəgəlməzdir. Narkomaniya insanı əqli və fiziki cəhətdən şikəst edir, onun ömrünü qısaldır. Belələri nəsilartırma qabiliyyətini də itirirlər. Narkomaniyaya tutulmuş şəxslər öz həyatlarını bilərəkdən məhv etməklə bərabər cəmiyyət üçün nəinki artıq, həm də təhlükəli bir fərdə çevrilir, qısa bir vaxt ərzində cinayət hadisələri törədirlər. Gənclər arasında narkomanlığın yayılmasının əsas səbəbi sosial-iqtisadi problemlərlə yanaşı, mənəvi-əxlaqi tərbiyənin təşkilində olan qüsurlardır. Qeyd edilmişdir ki, əhali, xüsusilə azyaşlılar və gənclər arasında narkomaniya əleyhinə profilaktik tədbirlər daha intensiv aparılmalıdır. Sağlam nəsil yetişdirmək üçün həyata keçirilən tədbirlər zamanı hər kəs öz köməyini əsirgəməməlidir. Narkomanlığın qarşısını almaq üçün ictimaiyyət hüquq-mühafizə orqanları işçilərinə kömək göstərməlidir. Sosial bəla olan narkomaniyaya qarşı mübarizə aparmaq hamımızın borcudur - vətəndaşlıq borcudur.

Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov tədbirdə çıxış edərək əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətindən və bu siyasətin hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmış, mövzu ilə bağlı öz tövsiyələrini vermişdir.

Keçidlər