Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımı qurbanlarının xatirəsi Sabirabad rayonunda da dərin kədər hissi ilə yad edilmişdir

26 fevral 2020 | 16:00

Sabirabad rayon Dövlət Bayrağı Muzeyində Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirilmişdir.

Tədbirdə rayonumuzda məskunlaşmış Xocalı sakinləri, idarə və müəssisə rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Anım mərasimindən öncə iştirakçılar Dövlət Bayrağı Muzeyində Xocalı qətliamı ilə bağlı hazırlanmış sərgi ilə tanış olmuşlar.

Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov tədbiri giriş sözü ilə açdıqdan sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Siraqəddin Cabbarov Xocalı soyqırımı barədə ətraflı məlumat vermiş, erməni cəlladlarının törətdikləri vəhşilikləri pisləmişdir. Qeyd etmişdir ki, Ermənistanın silahlı qüvvələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Rusiyanın 366-cı motoatıcı alayının yaxından köməyi, xarici ölkələrdən gələn erməni yaraqlılarının iştirakı ilə köməksiz insanlara qəflətən hücum etmişlər. Bu soyqırım nəticəsində həmin gecə Xocalıda 613 nəfər qətlə yetirilmişdir. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca insanlar olmuşlar. 8 ailə tamamilə məhv edilmişdir. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. 1275 nəfər əsir götürülmüşdür. Həmin adamlardan 150-sinin taleyi hələ də məlum deyil. Təəssüf ki, tarixin ən dəhşətli bir qırğınının baş verdiyi dövrdə Azərbaycanda hakimiyyətdəki rəhbərlər, eləcə də müxalifətçi qüvvələr bu faciəyə lazımi münasibət bildirməmişlər. Hər bir vətəndaşının müdafiəsini təmin etməyə borclu olan respublikanın o zamankı rəhbərliyi tam fəaliyyətsizlik, xalqın taleyinə biganəlik göstərmiş, onların köməyinə yetməmiş, dünya ictimaiyyətini vaxtında məlumatlandırmamışlar.

Xocalı soyqırımı barədə dünya ictimaiyyətini məlumatlandırmaq yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidi ilə siyasi hakimiyyətə gəldikdən sonra mümkün olmuşdur. Azərbaycanın həm daxili, həm də xarici siyasətində, diplomatik münasibətlərin qurulmasında Xocalı soyqırımına munasibət mühüm yer tutmuşdur. Ulu öndərin müəyyən etdiyi bu xətt artıq beynəlxalq aləmdə nüfuzlu bir siyasətçi kimi tanınan Prezidentimiz cənab İlham Əliyevin fəaliyyətində də diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun bu sahədəki xidmətləri, xüsusilə «Xocalıya ədalət!» beynəlxalq kampaniyasının uğurları barədə geniş danışmaq olar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən «Xocalıya ədalət!» kampaniyası hazırda 80-dən çox ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilir. Görülən məqsədyönlü tədbirlər sayəsində dünyanın bir sıra ölkələri bu qətliamı «Xocalı soyqırımı» kimi qəbul etmişdir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dağlıq Qarabağ probleminin həlli istiqamətində apardığı məqsədyönlü siyasət işğal edilmiş torpaqlarımızın azad olunmasına, dövlətimizin ərazi bütövlüyünün təmin edilməsinə, soydaşlarımızın, o cümlədən xocalıların öz doğma yurdlarına qayıdacaqlarına böyük ümid verir.

Xocalı sakinlərindən Nərgiz Cabbarova, Şəhla İmanova, Göyüş Pənahov erməni faşistlərinin törətdikləri vəhşiliklərdən, şahidi olduqları hadisələrdən danışmışlar. Onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Sonda Xocalı sakinlərinə maddi yardım göstərilmişdir.

 

Keçidlər