Şriftin ölçüsü :

Saytın rəngi :

28 May – Respublika günü

28 may 2020 | 16:00

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın tarixinə şanlı hadisə kimi daxil olmuşdur. Cəmi 23 ay ərzində mövcud olan və müsəlman şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarını yarada bilmişdir. Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq və sair sahələrdə görülən işlərlə Azəbaycan xalqının tarixində parlaq səhifə yazmışdır. Cümhuriyyət bütün müsəlman şərqində demokratik prinsipləri və dəyərləri, azadlıq və demokratiya ideallarını özündə cəmləşdirən ilk parlamentli Respublika idi. Bu əlamətdar hadisə Azərbaycan xalqının tarixi arzusunu həqiqətə çevirmişdir.

 May ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsində müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan olunmuş, Azərbaycanın ərazisinin hüdudları müəyyənləşdirilmiş, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdır. 23 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır. Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanlarının qurulması, mədəniyyətin inkişafına xüsusi diqqət yetirilməsi, təhsilin milliləşdirilməsi və s. Azərbaycan Xalq Cümhuriyyətinin mühüm xidmətlərindəndir.       

Təəssüf ki, o zaman biz müstəqilliyimizi itirdik. Bu bir daha sübut etdi ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən çətindir.

1918-ci il noyabrın 9-da qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik üçrəngli Dövlət bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilmişdir.

Sovet ittifaqının dağılması nəticəsində Respublikamız müstəqil ölkə oldu. Lakin müstəqilliyimizin  ilk illəri bizim üçün çox faciəli, ağır illər kimi tarixə düşdü. Azərbaycan rəhbərliyində olan qüvvələr 1991-1993-cü illərdə üzərlərinə düşən məsuliyyəti dərk etmədilər və gənc müstəqil dövləti idarəolunmaz vəziyyətə saldılar. Xüsusilə 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi - Müsavat çütlüyünün dövlət çevrilişindən, hakimiyyətin güc yolu ilə zəbt edilməsindən sonra vəziyyət daha da ağırlaşdı. Bundan istifadə edən erməni millətçiləri torpaqlarımızı işğal etdi, 1 milyona qədər soydaşımız öz doğma yurdlarından didərgin düşdülər. O illər tariximizdə qara bir ləkədir. 1993-cü il Azərbaycanın tarixində bir dönüş nöqtəsi oldu. Həmin il müstəqillik tariximizin başlanğıcı idi. Çünki, 1991-1993- cü illərdə müstəqillik formal xarakter daşıyırdı. Xalqın çağırışı ilə 1993-cü ildə Respublikaya rəhbərliyə qayıdan ulu öndər Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etdi. Xalqımız haqlı olaraq ulu öndəri Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu adlandırır.

Müstəqillik bizim ən böyük sərvətimiz, eyni zamanda xalqımızın qəlbində yaşayan azadlıq idealları uğrunda mübarizənin məntiqi nəticəsidir. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə onu qorumaqdan ibarətdir.”

Hazırda ölkəmizdə əsası Ümummilli liderimiz tərəfindən qoyulmuş demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar dönmədən həyata keçirilir, ölkə iqtisadiyyatı sürətlə inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün ardıcıl addımlar atılır.

Keçidlər