Şriftin ölçüsü :

Saytın rəngi :

AŞPA ikili standartların ən geniş vüsət aldığı regional platformadır

09 iyun 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı geniş məzmunlu və əhatəli çıxışında bir daha Avropa Şurasının ölkəmizə qarşı sərgilədiyi  ədalətsiz mövqeyə diqqət yetirmiş,  səsləndirdiyi fikirlərlə bu qurumun əsl mahiyyətini ortaya qoymuşdur.

Prezident cənab İlham Əliyev çıxışında Dağlıq Qarabağ məsələsi ilə bağlı Avropa Şurasının ikili mövqe nümayiş etdirdiyinə belə münasibət bildirmişdir: “Qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkiləri bir şou və təlxəklər tamaşasıdır. Dünyanın heç bir dövləti illərdir keçirilən “məzhəkə oyununun”nəticələrini tanımayıb. Hətta Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk qrupu həmsədrləri-Amerika, Fransa, Rusiya qondarma xunta rejimində keçirilən seçkiləri və nəticələrini tanımadıqlarını bildiriblər. Avropa İttifaqı da eynilə seçkiləri tanımadığını bəyan edib. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar-bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı. Məsələyə təkcə Avropa Şurası münasibət bildirmədi və yuxarıda adları keçən dövlətlərin və beynəlxalq təşkilatların sırasına qoşulmadı”. Ölkə rəhbəri çıxışında bildirib ki, əslində Avropa Şurasının susmağının səbəbi bəllidir: “Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən, demokratiyadan və beynəlxalq hüquqdan söhbət gedə bilər! Avropa Şurası qitədə yüz illərdir formalaşan bəşəri və insani dəyərləri diqqətə almadan xunta rejiminin, işğalçının, Xocalıda Azərbaycanın mülki əhalisinə qarşı soyqırım edən, narkotik və silah qaçaqmalçılığı mərkəzi olan qondarma qurumun demokratik dəyərləri kobud şəkildə pozmasına səssiz qaldı”.

Dövlət başçısı Avropa ölkələrində polis zorakılığının, nümayişçilərə qarşı tətbiq edilən gücün, nümayişçilərin öldürülməsinin, onların gözlərinin çıxarılmasının, kütləvi surətdə həbslərin, jurnalistlərin döyülməsinin, həbs edilməsinin müşahidə edildiyini bildirib: “Açsınlar gözlərini, baxsınlar və utansınlar ki, susublar. Nəyə görə? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, bu, məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. Ona görə bu qurumun riyakar mahiyyəti heç kim üçün sirr deyil və bizi də heç maraqlandırmır, onlar bu saxta seçkiləri tanıyıblar, yoxsa yox. Əsas odur ki, dünyanın sanballı və hörmətə layiq olan təşkilatları Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri tanımayıb və qınayıblar”.

Qondarma Dağlıq Qarabağ xunta rejimində prezident və parlament seçkiləri COVID-19 koronavirus pandemiyasının geniş yayıldığı bir zamanda keçirilmişdir. Dünyanın bəzi aparıcı kütləvi informasiya vasitələri, o cümlədən BBC seçkilərlə bağlı xəbərləri “Koronavirusun ortasında seçkilər” adı altında dərc edərək oxuculara və dinləyicilərə  bunu bir “cəsarət nümunəsi” kimi təqdim etməyə çalışmışlar.

Azərbaycan Respublikasının Prezidenti Azərbaycan və Ermənistanın eyni tarixlərdə Avropa Şurasına üzv olduqlarını və bərabər bir sıra öhdəliklər götürdüklərini vurğulayaraq xatırlatmışdır: “Azərbaycan 2001-ci il yanvarın 17-də Avropa Şurasına eyni gündə üzvlüyə qəbul olunan zaman Azərbaycan və Ermənistan Avropa Şurası qarşısında bir sıra öhdəliklər götürmüşlər. Həmin öhdəliklərin biri də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdir. Bu öhdəliklərin monitorinqini Avropa Şurası həyata keçirir. Deməli, münaqişə məsələsinə dair fikir bildirmək elə həmməruzəçilərin birbaşa mandatına daxildir. AŞ-dan fərqli olaraq, Azərbaycan hər zaman Avropa Şurası qarşısında öhdəliklərinə sadiq qalmışdır”. AŞPA-nın fəaliyyətinin bəşəri dəyərlərlə və beynəlxalq hüququn prinsipləri ilə  üst-üstə düşmədiyini, ikili standartlar nümunəsinə rast gəldiyini qeyd edən dövlət başçısı vurğulayıb ki, AŞPA ikili standartların ən geniş vüsət aldığı regional platformadır.

9 fevral 2020-ci il tarixdə Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı AŞPA-nın qərəzli mövqeyi hiddət doğurur. Azərbaycana qarşı iftiralar əl atmaq, seçkilərin nəticələri barədə şübhə yaratmaq sırf qərəzçilikdən xəbər verir. Niyə AŞPA Ermənistan tərəfindən əsirlikdə olan 2 mülki Azərbaycan vətəndaşının-Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də qanunsuz olaraq həbsdə saxlanılmasına reaksiya vermir. Axı onların işgəncə altında saxlandığı sirr deyil. Bütün dünya ölkələri bilməlidir ki, Azərbaycanla hədə, şantaj dilində danışmaq olmaz. AŞPA-nın ədalətsiz, qarayaxma kampaniyası Azərbaycanı siyasi iradəsindən heç vaxt döndərə bilməyəcək. Azərbaycan orada səslənən uydurma ittihamların heç birini qəbul etmir və o AŞPA-nın qərəzli qətnamələrinin heç birini icra etməyəcək.

Bütün dünyanı bürüyən COVİD-19 pandemiyasına qarşı ölkəmizdə minimum itkilərlə mübarizə aparılır. Heç bir sosial layihə təxirə salınmır. Pandemiyanın dünyada tüğyan etdiyi vaxt-aprelin 10-da Türk Şurasının, mayın 4-də isə Qoşulmama Hərəkatının fövqəladə zirvə görüşləri keçirilmişdir. Dünyanın 40-dan çox ölkəsinin dövlət və hökümət başçıları Qoşulmama Hərəkatının Zirvə görüşündə iştirak etmişlər. Bu bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etibarın ifadəsidir.

Azərbaycanın enerji resurslarının dünya bazarlarına çatdırılması, digər beynəlxalq infrastruktur layihələr böyük əhəmiyyət kəsb edir. Dövlət başçısı cənab İlham Əliyevin apardığı xarici siyasətlə Azərbaycan beynəlxalq sisteminin təhlükəsizliyinə çox mühüm töhvə verir. Sülhsever dövlət kimi Azərbaycan dəfələrlə Rusiya və NATO arasında dialoqun aparılmasında vasitəçi kimi çıxış etmişdir. Bu isə regionda ölkəmizin böyük nüfuzundan, ona göstərilən etimaddan xəbər verir.

Keçidlər