Şriftin ölçüsü :

Saytın rəngi :

17 iyun - Tibb işçilərinin peşə bayramı günüdür

17 iyun 2020 | 16:00

Gecə-gündüz bilmədən, bayram-istirahət keçirmədən, harda olmasından asılı olamayaq hər an, hər dəqiqə insanların sağlamlığının keşiyində duran, onların köməyinə tələsən həkimlər hər bir hörmət və diqqətə layiqdir. Xalqımızın koronavirus pandemiyasına qarşı apardığı mübarizədə, bu çətin günlərdə öz köməyini əsirgəməyən ağ xalatlı həkimlər bir daha sübut etdilər ki, tibb işçiləri cəmiyyətimizi, insanları qoruyan müqəddəs peşə sahibləridir.

Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən hər il iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Ulu Öndərin bu sahəyə ayırdığı diqqət sahəsində Azərbaycan səhiyyəsi çox böyük inkişaf yolu keçib. Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər onu dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmiri və bərpası, regionlarda müasir tipli xəstəxanaların tikilərək istifadəyə verilməsi, tibbi sığorta sisteminin tətbiq olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün dünyanı bürümüş COVİD-19 pandemiyasına qarşı mübarizədə həkimlərin fəaliyyətini həmişə yüksək qiymətləndirmişdir. İyunun 9-da dövlət başçısı Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışı zamanı həkimlərin fədakarlığını xüsusi qeyd etmişdir: “Həkimlər öz həyatlarını risk altına atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər və çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas edirlər. Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır. Mən bir daha onlara təşəkkür edirəm”.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı, onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlər xalqımız tərəfindən çox böyük razılıq və rəğbətlə qarşılanır.

Bu gün biz peşə bayramı münasibəti ilə insanların sağlamlığının keşiyində gecə və gündüz dayanmış bütün tibb işçilərini təbrik edir, onlara şərəfli və məsulyyətli işlərində böyük müvəffəqiyyətlər arzulayırıq. Ümid yeri olmaq, xəstələrə şəfa vermək xeyirxah olduğu qədər də gərəkli və müqəddəs işdir. Bu şərəfli işdə əliniz, qolunuz yorulmasın.

Bayramınız mübarək olsun!

Keçidlər