Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad Rayon İcra Hakimiyyətində şəhid ailələri ilə görüş keçirilib

06 aprel 2021 | 16:00

Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov şəhid ailələri ilə görüş keçirib. Görüş iştirakçılarını salamlayan icra başçısı bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların yaxınları ilə görüşən başçı onlara başsağlığı verib, səbr diləyib. Qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. Bu tarix Azərbaycan əsgərinin qanı, canı bahasına əldə edilib.

Görüşdə iştirak edən şəhid valideynləri övladlarının keçdikləri döyüş yolundan söz açıb, onlarla bağlı xatirələrini bölüşüblər. Vətən müharibəsində qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğullarımızın adları Azərbaycan xalqının hər bir fərdinin qəlbində yaşayacaq. Əbədiyyətə qovuşan şəhidlərimizin əziz xatirələri hər zaman ehtiramla yad ediləcək.

Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov şəhid ailələrinin problemləri və onları narahat edən məsələləri dinləyib. Göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirən şəhid yaxınları, onları narahat edən məsələlərin də qısa müddət ərzində həll olunacağına ümid etdiklərini bildiriblər. Səslənən müraciətlər arasında bir neçə şəhid yaxınının işlə təminatı, müalicəsi, mənzil şəraitinin yaxşılaşdırılması və bir sıra digər məsələlər yer alıb. Əksər müraciətlər yerindəcə öz həllini tapıb.

Sabirabad rayon icra hakimiyyətinin başçısı tərəfindən şəhid ailələri ilə görüşlər davam etdiriləcək.

Keçidlər