Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad Rayon İcra Hakimiyyətində şəhid ailələri ilə növbəti dəfə görüş keçirilmişdir

29 aprel 2021 | 16:00

Aprelin 22-si və 29-da Sabirabad Rayon İcra Hakimiyyətində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə növbəti dəfə görüş keçirilmişdir. Görüşdə Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhidlərin ailə üzvləri iştirak etmişlər.

Görüş zamanı çıxış edən Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov qeyd etmişdir ki, son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq ordu sıralarında xidmət edən hərbi qulluqçuların və şəhid ailələrinin etibarlı sosial müdafiəsinin təmin edilməsi, mənzil-məişət problemlərinin həll olunması, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin və veteranlarının qanuni mənafelərini və hüquqlarını müdafiə etmək, sosial-iqtisadi problemlərinin daha səmərəli həll olunmasına köməklik göstərmək məqsədilə hər bir şəhid ailəsinə dəstək olmaq üçün əlimizdən gələni etməyə hər zaman hazırıq. 

Şəhid ailələrinin üzvləri çıxış edərək onlara daim qayğı ilə yanaşan ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmiş, bir sıra məsələlərin həlli ilə bağlı arzu və təkliflərini səsləndirmişlər. Səslənən müraciətlər arasında bir neçə şəhid ailəsi üzvlərinin işlə təminatı, müalicəsi, mənzil şəraitinin yaxşılaşdırılması və bir sıra digər məsələlər yer alıb. Əksər müraciətlər yerindəcə öz həllini tapıb, digər məsələlərlə bağlı aidiyyatı üzrə tapşırıqlar verilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə canını qurban verən vətəndaşlarımızın ailə üzvlərinə, eləcə də qazilər və müharibə iştirakçılarına rayon İcra Hakimiyyəti tərəfindən daima qayğı göstərilir, onların sosial problemlərinin həlli istiqamətində lazımi tədbirlər görülür. Belə ki, Vətən müharibəsi iştirakçısı Rzayev Müslüm Mübariz oğlu RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, həmin şöbənin böyük məsləhətçisi vəzifəsinə digər Vətən müharibəsi iştirakçısı Rüstəmov Nurağa Mirzağa oğlu təyin olunmuşdur. Bundan əlavə rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhid Hümbətov Şahin Əlicuvana oğlunun həyat yoldaşı Hümbətova Gülnar Yağub qızı Qaraağac kənd uşaq bağçasının müdiri vəzifəsinə təyin edilmiş, şəhid Abbaslı Elgiz Fuad oğlunun bacısı Abbaslı Çilanay Fuad qızı Sabirabad Asan Xidmət Mərkəzində işlə təmin olunmuş, şəhidin digər bacısının Cavad kənd kitabxanasına kitabxanaçı təyin olunması ilə bağlı Sabirabad Regional Mədəniyyət idarəsində sənədləşmə işləri aparılır, Həmçinin şəhid Əsgərov Firavan Xanbala oğlunun anası Əsgərova Şamama Lazım qızı Surra kənd tam orta məktəbində laborant işinə götürülmüş, şəhid Mayılov Bəxtiyar İxtiyar oğlunun qardaşı Mayılov İmran İxtiyar oğlu Sabirabad Mexaniki Suvarma Sistemləri İdarəsində münasib işlə təmin edilmiş, şəhid Mirzəyev Elton Vüqar oğlunun anası Mirzəyeva Gülşən İbrahim qızı isə Qarağac kənd uşaq bağçasında işlə təmin olunmuşdur. Bu istiqamətdə işlər davam etdirilir. Surra kənd sakinləri, şəhid ataları İxtiyar Mayılov və Xanbala Əsgərova rayon İcra Hakimiyyətinin tövsiyyəsi ilə yerli bələdiyyə tərəfindən torpaq sahələri ayrılmış və hazırda sənədləşdirmə işləri aparılır.

Eyni zamanda rayon İcra Hakimiyyəti müxtəlif internet saytlarında və sosial şəbəkələrdə rayonda şəhid ailələrinə qayğı göstərilməməsi ilə bağlı yayımlanan əsassız yazılarla əlaqədar bildirir ki, hər bir şəhid ailəsinə, qaziyə və müharibə iştirakçılarına rayon İcra Hakimiyyəti tərəfindən daima diqqət və qayğı göstərilir. Təkçə son 10 gündə şəhid ailələri, Qarabağ müharibəsi əlilləri ilə bir neçə dəfə görüşlər keçirilmiş, onları narahat edən məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görülmüşdür. Ümimuyyətlə bu kateqoriyadan olan vətəndaşlarımız RİH başçısı və digər məsul işçilər tərəfindən hər gün və növbədənkənar qəbul olunurlar.

Keçidlər