Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilmişdir

10 dekabr 2018 | 16:00

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da geniş tədbirlər keçirilmişdir. Dekabrın 10-da Heydər Əliyev Mərkəzində keçirilmiş tədbir də bunların sırasında olmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov başda olmaqla hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ictimaiyyətin nümayəndəldərinin iştirakı ilə əvvəlcə şagirdlərin əl işlərindən ibarət ulu öndərə həsr edilmiş rəsm sərgisinə baxış keçirilmişdir.

Tədbirin rəsmi hissəsi Heydər Əliyev Mərkəzinin iclas salonunda davam etdirilmişdir. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 

Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov tədbirdə çıxış edərək bildirmişdir ki, artıq 15 ildir ki xalqımızın Ümummilli lideri Heydər Əliyev əbədiyyətə qovuşmuşdur. 15 il bundan əvvəl ulu öndərin dünyasını dəyişməsi Azərbaycan xalqını sarsıtdı. Biz fəxr edirik ki, adı dünya tarixinə düşmüş dahi şəxsiyyət Heydər Əliyev vardır. Ümummilli lider Heydər Əliyev qəlbini canından çox sevdiyi xalqımızın səadəti uğrunda məşəl kimi yandıraraq insanların yoluna nur çilədi. Bu yolda alovlu mübarizələrdən, çətin sınaqlardan məharətlə keçdi. Həyatın ağır sınaqlarından alnıaçıq, uğurla çıxdı. O vətənpərvərliyi, humanistliyi, şəxsiyyəti və siyasi qüdrəti ilə Azərbaycan xalqının milli sərvətinə çevrilmişdir. Onun dünyanı gəzən şöhrəti, siyasi fəaliyyəti, Vətəninə, xalqına təmənnasız xidməti güclü bir məktəb, tükənməz xəzinədir.

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolu, strateji inkişaf kursunu bu gün onun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev böyük əzmlə davam etdirir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hələ çox böyük uğurlara imza atacağıq.

Ulu öndərə həsr edilmiş inşa müsabiqəsinin qalibi, Qaratəpə kənd tam orta məktəbinin şagirdi Nərmin İbrahimli tədbirdə çıxış etmişdir.

Ümummilli lider Heydər Əliyevə həsr edilmiş inşa müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.

Sonda tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən «Əbədiyyət yolu» adlı sənədli filmə tamaşa etmişlər.

Keçidlər