Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirus pandemiyasına qarşı mübarizə hər bir vətəndaşın gündəlik həyat tərzinə çevrilməlidir

05 iyun 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə müvafiq dövlət qurumları tərəfindən koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə sahəsində bütün zəruri tədbirlər davam etdirilir. Bunun nəticəsidir ki, keçən dövr ərzində ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını bu təhlükədən maksimum qorumaq mümkün olmuşdur.

Lakin karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırıldıqdan sonra bir çox vətəndaşların məsuliyyətsizliyinə, karantin rejiminə əməl etməməsinə görə yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlamış, gündən günə yoluxma və ölüm hallarının artması isə əlavə tədbirlər görülməsi zərurətini yaratmışdır.

 Buna görə ölkə ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” 2020-ci il 29 may tarixli 189 nömrəli Qərar qəbul etmişdir.

Həmin Qərarın tələblərinin qeyd-şərtsiz yerinə yetirilməsi barədə Sabirabad rayonunda tabeçiliyindən asılı olmayaraq fəaliyyət göstərən bütün idarə və müəssisələrinə, hökumət və qeyri-hökumət təşkilatlarına, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərə, yerli bələdiyyələrə müvafiq tapşırıqlar və tövsiyələr  verilmişdir. Eyni zamanda həmin qurumların  rəhbərləri və işçiləri arasında sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadənin vacibliyi barədə təbliğat-izahat işləri aparılmış, mövcud tələbləri pozan vəzifəli şəxslərə və işçilərə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunacaqları barədə ciddi xəbərdarlıq edilmişdir. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli Qərarını təmin etmək məqsədi ilə rayonda maarifləndirmə işləri davam etdirilir.

Hazırki dövrdə sosial məsuliyyətin artırılması, ictimai nəzarətin gücləndirilməsi koronavirusla mübarizədə əsas şərtlərdən biri kimi qarşıya qoyulmuşdur. Bu gün hər bir şəxs özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da belə fəaliyyətə çağırmalıdır. Ölkə Prezidenti cənab İlham Əliyevin Tərtər rayonunda Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Xatırladırıq ki, Azərbaycan pandemiya dövründə digər tədbirlərlə yanaşı tibbi maska çatışmazlığının yaşanmaması üçün iki müəssisənin istifadəyə verilməsinə nail olmuşdur. Koronavirus infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, həmçinin bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər bir vətəndaşın gündəlik həyat tərzinə çevrilməlidir.

Keçidlər