Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixi

Muğanın çox zəngin tarixi var. Enolit dövrünə aid arxeoloji tapıntılar bu yerlərdə yaşayışın çox qədimlərə aid olduğunu göstərir. Suqovuşan, Surra, Qalaqayın, Cavad, Şəhərgah xarabalıqları, Surra, Qaratəpə, Abdulian, Qaraqaşlı, Cavad, Bulaqlı, Kürkəndi nekropolları, Kovlar yaxınlığında Ağ-qoyunqışlaq yeri, Sığrılı yolu üzərində Təpəqışlaq yeri(Qalacıq), Quruzma kəndi yaxınlığında Puttəpə, Qaratəpə yaxınlığında Binə, Yastıqobu yaşayış yerləri, Kürkəndidə yurd və oba yerləri, Baba-Samid piri müxtəlif tarixi dövrlərə aiddir.
Muğanın şimal hissəsində Kürlə Arazın qovuşduğu Suqovuşanda aparılmış arxeoloji tədqiqatlar bölgənin e.ə. VI minillikdən başlayaraq tarixi keçmişini, məişət və təsərrüfatını işıqlandırmağa imkan verir. Sabirabad rayonunun ərazisi tarixən Muğan düzünə daxildir. Muğan düzü qədimdə Midiyanın, e.ə. IV əsrdən Atropatenanın əyaləti idi. Albaniya dövləti Kürün Arazla birləşdiyi yerdən Xəzərə qədər olan hissəsindən cənubdakı ərazini, o cümlədən indiki Sabirabad rayonunun ərazisini əhatə edirdi.
Muğan erkən süni suvarma sisteminin yarandığı bölgələrdən biridir. E.ə.III-II minilliklərdə burada yaşayan əhalinin əsas məşguliyyəti əkinçilik və maldarlıq olmuşdur. Burada sənətkarlıq və xalçaçılıq da geniş inkişaf etmişdi. Tunc dövrünə aid sənətkarlıq əşyaları içərisində şarşəkilli və armudvarı gövdəli küplər diqqəti cəlb edir. Onlardan ən çox təsərrüfat məqsədi ilə istifadə olunmuşdur. Arxeoloji qazıntılar zamanı tapılan çoxsaylı küp qəbirlərin bəziləri dairəvi formadadır. Bu küplər yerli istehsala məxsusdur. Bölgənin orta əsr yaşayış yerlərindən xeyli miqdarda saxsı məmulatları da aşkar edilmişdir. Yazılı mənbələrdə Muğanda xalça, çuval, xurcun və palaz istehsal edildiyi barədə qiymətli məlumatlar verilmişdir. Rayonun Zəngənə kəndi yaxınlığında tapılmış Şəhərgahda numuzmatik materiallar da aşkar edilmişdir. 1926-cı ildə həmin ərazidən tapılmış, sonradan Azərbaycan tarixinə «Sabirabad dəfinəsi» kimi daxil olan sikkələri alimlər Şirvanşah-Kəsranilərə məxsus olduğunu müəyyən etmişlər. Həmin pul vahidləri I Axistana (XII əsrin sonu), II Toğrula (1177-1194), II Fərubuza məxsusdur. Bu bölgədə Eldəgiz və Şirvanşahlara məxsus pullar sonralar da aşkar edilmişdir.
IX əsrdə ərəb xilafətinin zəifləməsi nəticəsində Azərbaycanda bir neçə müstəqil feodal dövləti meydana gəlir. Onların içərisində Muğanşahlıq kimi nisbətən kiçik feodal dövləti də yaranır. Həmin dövrə aid ərəb mənbələrində Muğanda Allan şahın(Amuxan şah) Sasanilər dövründə hakimiyyətdə olduğu göstərilir və Muğanın ərəb xilafətinə daxil olduğu bildirilir.
Müasir Sabirabad-tarixi torpaqlarının mühüm tərkib hissəsi olan Cavad torpaqları IX-X əsrlərdə Sacilər dövlətinin, X əsrin ortaları və sonunda Salarilərin (941-981-ci illər), XI əsrin ortalarında Məzyədilər dövlətinin tərkibində olmuşdur. Cavad bölgəsi XV əsrdə Şirvanşahlar dövlətinin tərkibində olsa da, həmin dövrlərdə sərhədlərdə tez-tez dəyişikliklər baş verirdi. Muğan torpaqlarının əsas hissəsi 1410-1468-ci illərdə Qaraqoyunlu dövlətinin, sonralar Ağqoyunlu və Səfəvilər dövlətlərinin tərkibinə daxil olmuşdur. XVII əsrdə Cavad Şirvanşahlar bəylərbəyinə, Muğanın qərb hissəsi Qarabağ bəylərbəyinə daxil idi.
Rayonun ən iri kəndi olan Cavad tarixi şəhər olmuş və mənbələrdə adı XVI əsrdən çəkilir. Kür və Araz çaylarının qovşağında yerləşən Cavad kəndi Şirvan bəylərinin əsas şəhərlərindən birinə çevrilmiş, Səfəvilər dövlətinin də tərkib hissəsi olaraq, sənətkarlıq və ticarətin inkişaf etdiyi bir diyar olmuşdur. Görkəmli tarixçi Abbasqulu Bakıxanov «Gülüstani-İrəm» əsərində yazırdı ki, «1606-cı ildə Şah Abbas Azərbaycandakı Cavada (Arazın Kürə töküldüyü yerin yaxınlığındakı bir kənddir) tərəf hərəkət etdi. Bəzi çətinliklərlə o biri tərəfə keçərək Şah yüksüz Şamaxıya tərəf irəlilədi. Şah Abbas Şirvan və Dağıstanın bütün məsələlərini həll etdikdən sonra Əli bəy Cavanşirə qoşunları Ərdəbilə keçirməkdən ötrü Cavadda Kürün üzərində ponton körpü salmaq tapşırığı verdi». Qeyd edək ki, Səfəvi-Osmanlı müharibəsi dövründə Cavad Osmanlılar tərəfindən işğal edilmiş, 1607-ci ildə Osmanlılar Səfəvilərin Şirvana daxil olmalarının qarşısını almaq məqsədi ilə Cavad bərəsini dağıtmışlar.
Abbasqulu Bakıxanov «Bakı xanlıqları tarixindən» adlı əsərində yazırdı: «15 yanvar 1148-ci ildə (yeni təqvimlə 1736-cı il) Nadir Dağıstanda üsyana qalxmış tayfaları yatırıb Muğan düzündə Cavad keçidi yaxınlığındakı ordugahına qayıtdı. Burada persiyanın bütün əyanları onu gözləyirdilər. Əyanlar arasında bir aydan çox sürən mübahisələrdən sonra burada Nadir 25 fevral 1148-ci ildə (1736-cı il) şah elan edildi».
XVIII əsrin 40-cı illərində Nadir şahın hakimiyyəti və onunla birgə farsların ağalığı tənəzzülə uğradı və 17 xanlıq yarandı. Kiçik xanlıqlar içərisində Cavad xanlığı xüsusilə diqqəti cəlb edirdi. Bu xanlığın mərkəzi Cavad şəhəri idi. Xanlığın əsas ərazisi Kür çayının sağ sahilində, az bir hissəsi isə çayın sol sahilində yerləşirdi.
Cavad 1768-ci ildə Quba xanlığına tabe edildi. 1813-cü il 12 oktyabr tarixli Gülüstan sülh müqaviləsinə əsasən, Azərbaycan xanlıqlarının bir hissəsi ruslar tərəfindən işğal olundu. Muğan ərazisi də Rusiya əsarətinə alındı. Rusiyada həyata keçirilən inzibati ərazi islahatları nəticəsində 1868-ci ildə Bakı quberniyasının tərkibində yeni bir qəza-Cavad qəzası yaradıldı
Azərbaycanın Rusiya ilə birləşdirilməsindən sonra çarizmin köçürmə siyasəti ilə əlaqədar Cavada xeyli ukraynalı kəndli köçürüldü və həmin yaşayış məntəqəsi 1888-ci ildən Petropavlovka adlandırıldı. Petropavlovka Bakı quberniyasının Cavad qəzasının tərkib hissəsi idi. 1901-ci ildə bu ərazidə cəmi 87 təsərrüfat olmuş, 1907-ci ildə həmin ərazilərdə rus kəndlərinin sayı 13-ə çatmışdı. 1913-cü ildə isə burada pambıqtəmizləmə zavodu, iki kustar sənaye müəssisəsi-dəyirman işə salınmışdı.
Azərbaycanın yenidən Sovet Rusiyasının tərkibinə qatılmasından sonra 1920-ci il may ayının 1-də Petropavlovka ilk dəfə Salyan qəzası Dairə İnqilab Komitəsinin yerli dövlət hakimiyyəti orqanı kimi fəaliyyətə başladı. 1921-ci il may ayının 1-dən 1929-cu il aprelin 8-nə kimi Sabirabad rayonu Salyan qəzasının Petropavlovka dairəsi kimi fəaliyyət göstərmişdir. 1929-cu il aprel ayının 8-də VI Ümumazərbaycan Sovetlər qurultayının qərarı ilə bura Muğan mahalının Petropavlovka dairəsi adlandırılmışdır. 1930-cu il avqust ayının 8-də Azərbaycan Mərkəzi İcrayyə Komitəsinin 476 №-li qərarına əsasən, mahal sistemi ləğv edilmiş və Petropavlovka müstəqil rayon olmuşdur.
Təxminən bir il sonra, yəni 1931-ci il oktyabrın 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Fərmanı ilə Petropavlovkaya Azərbaycanın böyük şairi, klassik ədəbiyyatımzda ictimai satiranın banisi Mirzə Ələkbər Sabirin adı verilmişdir.

Mühüm hadisələrin tarixi

-Sabirabad rayonu 1930-cu ilin avqustun 8-də təşkil olunub.
-1931-ci ilin oktyabrın 7-də Petropavlovka adlanan rayona Azərbaycanın böyük şairi Mirzə Ələkbər Sabirin adı verilib.
- Saatlı rayonu rayon statusu aldığı 1943-cü ilin mayın 25-dək Sabirabadın tərkib hissəsi olmuşdur. 1963-cü il yanvarın 4-də Saatlı rayonu yenidən Sabirabadla birləşdirilmiş, bu 1965-ci ilin yanvarın 14-dək davam etmişdir.
-1952-ci il noyabrın 7-də rayon mərkəzinə şəhər tipli qəsəbə, 1959-cu ilin dekabrın 4-də isə şəhər statusu verilmişdir.
-Ulu Öndəərimiz Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi kimi ilk dəfə Sabirabada 1969-ci ilin avqustunda səfər etmişdir. Ulu öndər bir-birinin ardınca 1969-1982-ci illər ərcində 14 dəfə Sabirabad rayonunda olmuşdur. Həmin illərdə rayonda Qrup Su kəməri Sistemi qurulmuş, qaz xətti çəkilmiş, möhtəşəm Mədəniyyət sarayı, Rabitə evi tikilmiş, Kür çayı üzərində nəhəng körpü salınmış, 5 istehsal müəssisəsi, 31 orta məktəb, 5 xəstəxana və 12 mədəniyyət obyekti, inzibati binalar, çoxmərtəbəli yaşayış evləri inşa olunmuşdur.
-Ümümmilli liderimiz Heydər Əliyev 1998-ci il oktyabrın 4-də Azərbaycan Respublikası Prezidenti seçkiləri ərəfəsində Sabirabad rayonu içtimaiyyəti ilə görüşmüş və Qalaqayın çadır şəhərciyində məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olmuşdur.
- 2003-cü ilin oktyabrın 7-də Prezident seçkiləri ərəfəsində İlham Əliyev respublikanın Baş naziri kimi sabirabadlılarla görüşmüşdür. İlham Əliyev Heydər Əliyevin Sabirabada hörmət və məhəbbətindən danışdı və onun da bu torpağa, bu zəhmətsevər insanlara böyük sevgisi olduğunu xüsusi vurğuladı. Elə oradaca rayonun ziyalıları adından olunan xahişə cavab olaraq Sabirabadda Olimpiya İdman Kompleksinin tikintisi üçün bütün zəruri tədbirləri görəcəyini vəd etdi.
-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2005-ci il oktyabrın 6-da Sabirabad rayonunda səfərdə oldu. Dövlət başçısı ulu öndər Heydər Əliyevin abidəsinin və muzeyinin, «Muğan» Tibbi Diaqnostika Mərkəzinin açılışında və Olimpiya İdman Kompleksinin bünövrəsinin qoyulması mərarisimində iştirak etmişdir.
-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2008-ci il sentyabrın 26-da Sabirabad rayonununa növbəti dəfə səfərdə olmuşdur. dövlət başçısı müasir formada inşa olunmuş Heydər Əliyev Muzeyində olmuş, Olimpiya İdman Kompleksinin və Gəncləər Mərkəzinin açılışında iştirak etmiş, «Qafqaz AKP» Məhdud Məsulliyyətli Cəmiyyətin Alkapon müəssisəsinin və Lift zavodunun, Bulaqlı kəndində yaradılmış «Aqroliznqservis»in işi ilə tanış olmuşdur.
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2010-cu ilin noyabrın 1-də Kür və Araz çaylarının yaratdığı təbii fəlakətdən sonra görülən işlərlə yerində tanış olmuş və subasmaya məruz qalmış Mürsəlli kənd orta məktəbinin əsaslı təmirindən sonra açılışında iştirak etmiş və Şıxlar kənd sakini Ağaşirin Tarıverdiyevin yeni mənzilində yaradılan şəraitlə tanış olmuşdur.
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2011-ci ilin mayın 5-də Sabirabad rayonuna səfəri çərçivəsində Qasımbəyli kəndinə yeni çəkilmiş15 kilometirlik asfalt yolun açılışında iştirak etmiş və həmin kənddə əsaslı təmir edilmiş tam orta məktəbin binası ilə tanış olmuş, içtimaiyyətin nümayəndələri və yolüstü Əsgərbəyli kəndinin sakinləri ilə görüşərək əhalini qayğılandıran problemlərlə maraqlanmış, lazımi tapşırıq və tösiyyələrini vermişdir.

 

Keçidlər